Tarixi
Qəbələ rayonu indiki rayon mərkəzindən
20 km cənub-qərbdə yerləşən IX əsrdə
Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim
Qəbələ şəhərinin adını daşıyır.
Qədim
Qəbələ dünyanın Babil, Troya, Pompey kimi
qədim və məşhur şəhərlərilə
müqayisə ediləcək dərəcədə
mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən
biri olmuşdur. Qədim şəhərin qala və
giriş darvazalarının, bəzi binaların qalıqları
indi də qalmaqdadır. Antik dövrə aid böyük
binaların qalıqları, qala divarları və
maddi mədəniyyət abidələri Qəbələnin
çox möhtəşəm bir şəhər olduğunu
sübut edir. Qədim Qəbələ eramızdan
əvvəl IV əsrin sonu III əsrin əvvəllərində
şəhər kimi meydana gələrək eramızın
XVIII əsrinin ortalarına qədər yaşamışdır.
Bu müddət ərzində şəhərin həyatında
böyük dəyişikliklər baş vermişdir.
Müxtəlif tarixi hadisələrlə əlaqədar
şəhər bir neçə dəfə dağıntılara
məruz qalmışdır. Eramızdan əvvəl
60-cı illərdə Roma qoşunları Albaniyaya
hücum etsələr də, Qəbələni işğal
edə bilməmişlər. Sasanilər dövründə
Qəbələ çox böyük ticarət və
sənətkarlıq mərkəzi olmuşdur. Xilafət
dövründə də Qəbələ ticarət
və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini
qoruyub saxlamışdır. XIII əsrdə Monqolların
hücumu zamanı Qəbələ tənəzzülə
uğrasa da, sonralar yenidən dirçəlmişdir.
XVIII əsrin ortalarında Qəbələ öz
əvvəlki əzəmət və əhəmiyyətini
itirmiş, əhali tədricən buradan köçmüşdür.
XVIII əsrin ortalarında Qəbələ ərazisində
kiçik feodal dövləti olan Qutqaşın sultanlığı
yaradılmışdır. Qutqaşın sonralar mahal
kimi Şəki xanlığının tərkibinə
daxil olmuş, Şəki xanları tərəfindən
təyin olunan naiblər tərəfindən idarə
edilmişdir. Şəki xanlığının süqutundan
sonra Qutqaşın mahal kimi Şəki qəzasının
tərkibinə daxil olmuşdur. 1930-cu ildə Qutqaşın
rayonu yaradılmışdır. 1991-ci ilin martında
rayonun adı dəyişdirilərək rayon ərazisində
yerləşən qədim Qəbələ şəhərinin
adı ilə adlanmışdır.
Turizm
Azərbaycanın dilbər guşələrindən
biri olan Qəbələ rayonu istər təbii şəraitinə,
istər coğrafi vəziyyətinə, istərsə
də mövcud tarixinə görə nəinki Azərbaycanın,
hətta dünyanın sayılıb-seçilən
turizm bölgəsinə çevrilmək imkanına
malikdir. Bir neçə ildir ki, müstəqil respublikamızda
turizmin inkişafı vüsət almağa başlamışdır.
Bu inkişaf Qəbələ bölgəsinə də
öz töhfəsini verməkdədir. Hal-hazırda
Qəbələ rayonu ərazisində bir neçə
yerdə turizm-istirahət obyekti fəaliyyət göstərir.
Onlar aşağıdakılardır:
"Xanlar" istirahət zonası
Bu obyekt kulinariya (aşpazlıq) xidməti sahəsində
xüsusi istedad və qabiliyyətə malik olan Xanlar
Kərimovun adı ilə bağlıdır və
onun özəl obyektidir. "Xanlar" və Xanlar Kərimovu
təkcə respublikamızda deyil, respublikamızdan
kənarda da sevənlər çoxdur. Bu obyekt Qəbələ
şəhərindən şimalda, dağ yamacında,
meşəlikdə yerləşir. Burada ilin bütün
fəsillərində istirahət üçün hər
cür şərait vardır. Yataq yerlərinin sayı
50-dən çoxdur.
"Ay işığı" pansionatı
Bu pansionat Qəbələ şəhərinin şimalında,
meşə ərazisində Dəmiraparan çayının
sahilində yerləşir. Burada qonaqların arzusundan
asılı olaraq səyahət və ekskursiyalar,
piyada və atla dağ gəzintisi və s. macəralar
təşkil edilir. Konfrans və banket zalları vardır.
Yataq yerlərinin sayı 60-a qədərdir. Ərazisi
10 hektardır.
"Çənlibel" istirahət mərkəzi
Bu obyekt də Qəbələ şəhərinin
şimal hissəsində yerləşir. Buranın
təbii gözəlliyi digərlərindən tamamilə
fərqlənir. Ərazisi tamamilə dağlıqdır.
Bir dəfəyə 40 nəfərdən çox adama
qulluq etmək imkanı var. Ərazisi 5 hektardandan çoxdur.
"Sahil" istirahət mərkəzi
Bu istirahət mərkəzi də öz gözəlliyinə
görə digərlərindən fərqlənir.
Bu obyektin xalq arasında "Nohur" adlanan Nohurqışlaq
su anbarının sahilində yerləşməsi
qonaqlara xüsusi bir zövq verir. Ərazisi 5 ha-dan
çoxdur. Yataq yerlərinin sayı 70- dəkdir. "Selbasar"
istirahət mərkəzi Vəndam çayının
sağ sahilində, Bakı - Qəbələ yolunun
sol sahilində yerləşir. 30 yerlikdir, 100 nəfərlik
konfrans zalı və digər şəraitləri
var.
"Tərkeş" istirahət evi
Qəbələ şəhərinin şimalında,
"Ay işığı" ilə "Xanlar" pansionatının
aralığında, meşə zolağında yerləşir.
16 yataq yeri vardır.
Qəbələ şəhər stadionu və idman
kompleksi
Bu obyekt 1985-ci ildə inşa edilmişdir. Uzun illər
istifadə edilsə də, 2003-cü ilədək
demək olar ki, təmir edilməmişdir. 2003-cü
ildə əsaslı şəkildə bərpa edilmişdir.
2000 nəfərlik tamaşaçı tutumuna (plastik
duracaqlardan ibarət) malikdir. Stadionun ölçüsü
68 x 105 m-dir. Asfalt örtüklü qaçış
zolağı mövcuddur. Stadionun ərazisində
20 x 105 m ölçüdə üstüörtülü
idman kompleksində hal-hazırda yenidənqurma və
bərpa işləri davam edir. Bundan əlavə,
idman kompleksinin ərazisində üstüörtülü
atıcılıq tiri, voleybol və basketbol meydançaları
(açıq şəraitdə) vardır. Onlar istifadəyə
tam hazır deyildir. İdman kompleksinin əlavə
bağ ərazisi də vardır ki, bundan da gələcəkdə
digər qurğuların tikintisi üçün istifadə
etmək olar.
Qoruqları
Qəbələ rayonunda Qəbələ Dövlət
Tarix - Mədəniyyət Qoruğu fəaliyyət
göstərir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin
27.03.1978-ci il 101-5 RS #8470; -li qərarına əsasən
yaradılmışdır. Qoruq e.ə. IV - b.e. V əsrinədək
qədim Qafqaz Albaniyasının ilk paytaxtı olmuş
qədim Qəbələ şəhərinin yerləşdiyi
ərazini əhatə edir və Qəbələ
rayonunun cənub-qərbində, Çuxur Qəbələ
kəndi yaxınlığında yerləşir.
Qoruq üç əsas hissədən ibarətdir:
1. Çaqqalı
2. Səlbir
3. Qala
Qoruğun ərazisi 480 hektardır.
Yolları
Qəbələ rayonunun ərazisindən keçən
III kateqoriyalı Qaraməryəm - İsmayıllı
- Şəki avtomobil yolunun uzunluğu 48 km, III kateqoriyalı
Ağdaş-Zarağan avtomobil yolunun uzunluğu isə
33 km-dir. Beləliklə, Qəbələ rayonunun
ərazisindən keçən avtomobil yolları III
kateqoriyalı olmaqla ümumi uzunluğu 81 km-dir.
1. Qaraməryəm - İsmayıllı - Şəki
- 47-94 km. III kateqoriya 48 km.
2. Ağdaş - Zarağan -11-43 km. III kateqoriya 33 km.
Cəmi: 81 km.
Memarliq və tarixi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust
2001-ci ildə 132 #8470;-li qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət dərəcələrinə görə
bölgüsü"ndə Qəbələdə olan
93 tarix, memarlıq, mədəniyyət, incəsənət
abidəsinin adı, yeri və tarixi barədə məlumatlar
vardır.
Bunlardan biri - Qədim Qəbələ şəhəri,
antik dövr, - dünya əhəmiyyətli, - altmış
biri respublika əhəmiyyətli, - otuz biri yerli əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abədələridir.
Qədim Qəbələ şəhəri e.ə.
IV əsrdən b.e. V əsrinədək (900 il) Azərbaycanın,-
Qafqaz Albaniyasının, - birinci paytaxtı olmuşdur.
Qədim Qəbələ haqqında yunan, Roma, ərəb,
fars, türk, erməni, gürcü mənbələrində
məlumat vardır. Roma müəllifi Böyük
Plini ( I əsr) Qəbələni Kabalaka, yunan coğrafiyaşünası
Ptolemey ( II əsr) Xabala, ərəb tarixçilərindən
Balazuri (IX əsr) Xəzər adlandırmışlar.
1959-cu ildən müntəzəm qazıntı aparan
Qəbələ arxeoloji ekspedisiyası şəhərin
daha qədim və böyük hissəsini aşkara
çıxardı və buranın e.ə. IV - b.e.
I əsrlərinə aid olduğunu müəyyənləşdirdi.
Arxeoloji tədqiqatlar zamanı Qəbələ ərazisində
böyük tikililərin qalıqları, qala bürcləri,
ocaq və təndir qalıqları, müxtəlif
dövrlərə aid gil qabları, tunc, gümüş,
qızıl, sədəf və sümükdən
bəzək əşyaları, şüşə
məmulatı, tikinti materialları, kərpic döşəmələr,
şəhəri bulaq suyu ilə təchiz etmək
üçün istifadə olunmuş tünqlər
və s. aşkar edilmişdir.
Qədim Qəbələdən tapılmış
arxeoloji materialların dörd minə qədəri
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində
mühafizə, tədqiq və nümayiş etdirilir.
Rayonun Həzrə kəndində, meşə içərisindəki
sahəsi 3,5 hektara yaxın, orta əsr qəbiristanında
tariximiz üçün çox maraqlı olan abidələr
qalmaqdadır. Bu abidələr Şirvan-Abşeron
memarlıq məktəbinə aid türbələrdən
və sənduqələrdən ibarətdir. Türbələrin
portallarında və sənduqələrin üzərində
nəfis işlənmiş kitabələr həkk
olunmuşdur. Qəbiristanda dörd türbə vardır:
1. Şeyx Bədrəddin türbəsi (1446-cı
il);
2. Şeyx Mənsur türbəsi (XVI əsr);
3. Şeyx Məhəmməd türbəsi (XV əsr);
4. Türbə (XVI əsr).
Qəbiristandakı sənduqələr də diqqəti
cəlb edir. Həkkak və xəttatlar ərəb
əlifbasının xüsusiyyətlərindən
istifadə edərək sənduqə və başdaşlarına
vurduqları naxışlarla yanaşı abidələrin
bəzəyində haşiyə, qaytan və cürbəcür
xalçalar şəklində kitabə motivləri
də işlənmişdir.
Müasir Qəbələ şəhərində
Azərbaycanın realist nəsrinin banilərindən
və ilk azərbaycanlı generallarından olan Hacı
İsmayılbəy Qutqaşınlının (1806
-1869) qəbirüstündəki başdaşı,
üç yerdə abidəsi, xatirə ev-muzeyi vardır.
XVII əsrin sonlarında tikilən səkkizguşəli
məsçid Bum kəndindəki Came məsçidi
(1882), xristianlığa dair ilk dini ocaqlardan olan Kilsədağ
məbədi, IX əsrə dair "Qovur qalası" (Bum),
VIII - IX əsrlərə aid edilən hamam binasının
qalıqları, Came məsçidi (müasir Qəbələ)
tarixinin qədimliliyindən xəbər verir.
Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin
həyətində mühafizə olunan Sarkofaq (daş
qəbir - e.ə. IV - III əsrlər), daş qoç
fiquru (XV əsr), Sənduqələr (XIII - XIX əsrlər),
Sütunaltıları (e.ə. II - I əsrlər)
maraq doğurur.
11 dekabr 2004-cü ildə şəhərin mərkəzində
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin əzəmətli heykəlinin açılışı
olmuşdur.
Tanınmış adamları
Qəbələ rayonu öz ziyalıları, sərkərdələri
və qəhrəmanları ilə məşhurdur.
Qəbələ Azərbaycan ədəbiyyatına
Molla Gülü Qələmi (Vəsfi), İsmayıl
Bəy Qutqaşınlı, Abdulla Qutqaşınlı,
İbrahim Bəy Musabəyov kimi şəxsiyyətləri
bəxş etmişdir.
Hacı İsmayıl Bəy Qutqaşınlı (1806-1869)
- Azərbaycan realist nəsrinin banilərindən və
ilk Azərbaycan generallarından biridir. 1835-ci ildə
Varşavada hərbi qulluqda ikən fransız dilində
şərqdə ilk realist hekayə nümunəsi
olan "Rəşid bəy və Səadət xanım"
əsərini yazmış və orada çap etdirmişdir.
İ.B.Qutqaşınlı Azərbaycan taixinə
hərbçi, səyyah, coğrafiyaşünas, maarifçi,
kənd təsərrüfatı istehsalatçısı,
nasir kimi düşmüşdür.
İbrahim Bəy Musabəyov (1880 - 1942) - Azərbaycan
tarixində görkəmli yazıçı və
maarifçi kimi tanınmışdır. Azərbaycanın
ilk bədii filmi "Neft və milyonlar səltənətində"
1916-cı ildə yazıçının eyni adlı
əsəri əsasında çəkilmişdir.
Qəbələdən 20 nəfərdən çox
elmələr doktoru, professor, 100 nəfərdən
çox elmələr namizədi yetişmişdir.
Onlardan:
Üminisə Musabəyova (1902-1974) Azərbaycan EA-nın
ilk qadın müxbir üzvlərindən biri, tibb
elmləri doktoru, professor, dünya şöhrətli
oftolmoloq olmuşdur.
Yusif Musabəyov (1910 - 1970) - kimya elmləri doktoru,
professor, 1966-cı ildə Parisdəki Beynəlxalq
Elmi-Tarixi və Fəlsəfə Akademiyasının
müxbir üzıü seçilib.
Məcid Mərdanov (1913-1982) - texnika elmləri doktoru,
professor, Azərbaycan EA-nın müxbir üzvü
olmuşdur.
Xəlil Əlimirzəyev (1918 -1976) - tarix elmləri
doktoru, professor, BDU-nin 50 illik tarixini yazmışdır.
Vahid Qəhrəmanov (1900 -1978) - hüquq elmləri
doktoru, professor, əməkdar hüquqşünas,
əməkdar elm xadimi olmuşdur.
Cahangir Qəhrəmanov (1927-1995) - filologiya elmləri
doktoru, professor, əməkdar elm xadimi, Respublika Əlyazmalar
İnstitutunun direktoru olmuşdur.
Dursun Hüseynov (1915) - tibb elmləri doktoru, professor,
əməkdar elm xadimidir.
Firidun Haşımzadə (1935) - fizika-riyaziyyat elmləri
doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvüdür.
Qara Əhmədov (1928 -2002) - tarix elmləri doktoru,
professor, respublikada arxeologiya sahəsində ilk elmlər
doktorudur. Azərbaycan MEA-nın müxbir üzvü
olmuşdur.
Qəbələ rayonunda 13 nəfər Sosialist Əməyi
Qəhrəmanı adına layiq görülmüşdür.
Hazırda onlardan 2 nəfəri Minarə Abdurəhmanova
və Zakir Əhmədov sağdır və Prezident
təqaüdü alırlar.
|
|